Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOB-lar “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini təqdim edir Azərbaycanda ilk dəfə süni intellektlə işləyən reklam robotu hazırlanıb KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq “Bakı KOB evi”ndə “Heydər Əliyev - unudulmaz lider” adlı foto-xalça sərgisi keçirilib KOB Model Müəssisəsi istehsal prosesində məhsuldarlığı və səmərəliliyi artırır Ölkə sərhədlərini aşan startaplarımız KOBİA Türkiyənin DEİK təşkilatı, eləcə də SESRİC ilə sənədlər imzalayıb Fəaliyyət göstərdiyi ərazidən asılı olmayaraq sahibkarlar istənilən KOB evinin xidmətindən yararlana bilərmi? KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub "İslam bankçılığı və maliyyəsi" təlimi keçirilib
Qaxda mineral su istehsalı müəssisəsi fəaliyyətini genişləndirir 19.02.24
Qaxda mineral su istehsalı müəssisəsi fəaliyyətini genişləndirir

Əsrarəngiz təbiəti ilə seçilən Qax zəngin yeraltı və yerüstü su sərvətlərinə, mineral və şəfaverici bulaqlara malik rayonlarımızdandır. Təsadüfi deyil ki, son illər rayonda sahibkarlar tərəfindən süfrə suları istehsalına və qablaşdırılmasına diqqət artıb, yeni müəssisələr yaradılıb. Belə müəssisələrdən biri də rayonun Qaxbaş kəndinin ərazisində yerləşən mineral su istehsalı müəssisəsidir.

AZƏRTAC-ın bölgə müxbiri kənddə olub, müəssisənin fəaliyyəti ilə maraqlanıb.

2004-cü ildə yaradılan müəssisədə plastik qablaşdırma istehsal xətti fəaliyyət göstərir. Müəssisənin ümumi ərazisi 1500 kvadratmetrdir. Buraya istehsal sahəsi, anbar, mətbəx, inzibati otaqlar daxildir. Müəssisədə Rusiya və Ukrayna istehsalı olan, müasir tələblərə cavab verən texnoloji avadanlıq quraşdırılıb. 0,33, 0,5 və 1 litrlik plastik qablarda qazlı və qazsız süfrə suları istehsal edilir. Eyni zamanda, müəssisədə 5, 10, 18 və 19 litrlik plastik bidonlarda su da qablaşdırılır.

Müəssisənin direktoru Rəşad Fərziyevin sözlərinə görə, burada istifadə olunan su öz mənbəyini yaxınlıqdakı yüksək dağlıq ərazidən axan bulaqlardan götürür və zəngin mineral tərkibə, yüksək keyfiyyət göstəricilərinə malikdir. Su istehsal prosesinə buraxılmazdan əvvəl bir neçə mərhələdə təmizləyici qurğulardan, kobud və yumşaldıcı süzgəclərdən, kömürdən keçirilir, “Osmos” avadanlığının köməyi ilə tərkibindəki kirəc təmizlənir və çənlərə doldurulur. Su sonra çənlərdən istehsal xəttinə verilir, qabların doldurulması, qapaqların bağlanması, etiketləmə və paketləmə həyata keçirilir. Müəssisədə gündəlik 24-25 ton, bir ayda isə 450 tonadək su qablaşdırılır. Tələbata uyğun olaraq yay aylarında gündəlik istehsal artaraq 30 tona çatır. İstehsal edilən su daxili bazarda satışa çıxarılır. Hazırda müəssisədə 37 işçi çalışır.

Suyun keyfiyyət göstəriciləri barədə məlumat verən müəssisə rəhbəri deyib: “İstehsal etdiyimiz su minerallarla zəngindir. TDS göstəriciləri, codluq dərəcəsi digər sularla müqayisədə xeyli aşağıdır. Tərkibində həddindən artıq qatışığı olan cod su isə zəif həzm olunur, insan orqanizminə mənfi təsir göstərir, müxtəlif xəstəliklərin yaranmasına səbəb olur”.

Rəşad Fərziyev bildirib ki, gələcəkdə müəssisədə şüşə butulkalarda qazlı və qazsız suların, həmçinin müxtəlif çeşiddə limonadların istehsalı da nəzərdə tutulur.

Qeyd edək ki, mineral su istehsalı müəssisəsinin fəaliyyətinin genişləndirilməsi və xidmət keyfiyyətinin artırılması üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarlıq subyektinə dəstək göstərilib və bu dəstək hazırda da davam etdirilir. KOBİA-nın Qax rayonu üzrə nümayəndəsi - KOB dostu İmam İmamlı AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Agentlik tərəfindən müəssisəyə yeni yaradılacaq limonad brendinin Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində qeydiyyatı prosesində yaxından dəstək götərilib. “Müəssisə dövlətin güzəştli kreditindən yararlanmaq üçün Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatına da müraciət edib. Həmçinin, müəssisə müxtəlif vergi və gömrük güzəştləri əldə etməyə imkan verən investisiya təşviqi mexanizmindən də yararlanmaq niyyətindədir. Bu məqsədlə müəssisə tərəfindən investisiya təşviqi sənədinin alınması üçün İqtisadiyyat Nazirliyinə müraciət olunub və hazırda bu istiqamətdə işlər davam etdirilir. KOBİA olaraq bütün bu proseslərdə daima sahibkarın yanındayıq, lazımi informasiya, əlaqələndirmə, məsləhət xidmətini göstəririk. Ümumiyyətlə, Agentlik olaraq mövcud dövlət dəstəyi mexanizmləri, sahibkarlıq sahəsində yeniliklər barədə bölgədə fəaliyyət göstərən sahibkarları mütəmadi olaraq məlumatlandırır, onlarla sahəvi və maarifləndirici görüşlər keçiririk”, – deyə İmam İmamlı qeyd edib.

https://azertag.az/xeber/qaxda_mineral_su_istehsali_muessisesi_fealiyyetini_genislendirir__foto-2926485


Powered by Froala Editor