Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Qadınların biznesdə artan rolu: dövlət dəstəyindən dayanıqlı inkişafa 06.03.26
Qadınların biznesdə artan rolu: dövlət dəstəyindən dayanıqlı inkişafa

Son illərdə Azərbaycanda qadınların sahibkarlıq fəaliyyətinə marağının artması müşahidə olunur. Dövlət tərəfindən biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, təşviq mexanizmləri və institusional dəstək nəticəsində qadın sahibkarların həm sayı, həm də iqtisadi fəallığı genişlənməkdədir. 


Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2026-cı ilin 1 yanvar vəziyyətinə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların 23,7%-ni qadınlar təşkil edir. 2023-cü illə müqayisədə fərdi qadın sahibkarların sayı 28,5% artıb. 


Sahibkar qadınların 28%-i Bakıda, 10%-i Lənkəran-Astara, 9,6%-i Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.  


Qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 38%-ni, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət sahəsində 26,2%-ni, “Ticarət, nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 22,2%-ni təşkil edir.


Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsünə əsasən Qazax-Tovuz (28,7%), Naxçıvan Muxtar Respublikası (27,8%), Gəncə-Daşkəsən (26,2%), Bakı (25,6%), Şərqi Zəngəzur (24,5%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.


Qadınların sahibkarlıq fəaliyyətinə təşviq olunması, onların iqtisadiyyatda və məşğulluqda rolunun artırılması prioritetlər sırasındadır. Qadınların biznes fəaliyyətinə başlaması və sahibkarlıq fəaliyyətini genişləndirməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən ödənişsiz təlimlər keçirilir, məsləhət xidməti göstərilir. Daxili bazar araşdırması, sərgilərdə iştirak, ticarət şəbəkələrinə çıxışa dəstək, investisiya təşviqi sənədi, klasterlər üçün şəhadətnamə, qrant, “Startap” şəhadətnaməsi və s. dəstək mexanizmləri vasitəsilə qadın sahibkarlar mövcud güzəştlərdən yararlanır, onların maliyyə resurslarına və satış bazarlarına çıxışı dəstəklənir. İndiyədək KOBİA tərəfindən 33 qadın sahibkara 500 min manatdan çox qrant ayrılıb, 36 qadın sahibkara “Startap” şəhadətnaməsi verilib. Qadın sahibkarlar üçün müxtəlif mövzularda 5200-dən çox təlim keçirilib, 2600-dən çox məsləhət xidməti göstərilib, Bakı və regionlarda fəaliyyət göstərən 700-ə yaxın qadın sahibkara biznes planın hazırlanmasında dəstək təmin olunub. Qadın sahibkarların müraciəti əsasında bir neçə daxili bazar araşdırması aparılıb. Ümumilikdə 1030-dan çox qadın sahibkarın yerli və beynəlxalq sərgilərdə və yarmarkalarda iştirakına, eləcə də ticarət şəbəkələrinə çıxışına dəstək göstərilib. 


Təsisçiləri qadın olan, investisiya təşviqi sənədi əldə edən 69 subyekt tərəfindən 2016-cı ildən indiyədək 82 layihə çərçivəsində 880 təsdiqedici sənəd əsasında 260,9 milyon manat dəyərində avadanlığın idxalı zamanı 72,4 milyon manat güzəşt əldə edilib. 


Bakı və regionlarda olmaqla, qadın sahibkarlar üçün 30-a yaxın sahəvi görüş və maarifləndirici tədbir keçirilib ki, bu tədbirlərdə 580-ə yaxın qadın sahibkar iştirak edib. 


KOBİA və tərəfdaş dövlət və özəl qurumların birgə əməkdaşlığı çərçivəsində qadınların biznes fəaliyyətinə cəlb edilməsi və inkişafını dəstəkləyən “Biznesdə qadınların gücü”, “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” kimi müxtəlif layihələr həyata keçirilib. 

Powered by Froala Editor