Vergi güzəştləri yerli startapların ilkin mərhələdə inkişafını sürətləndirməklə yanaşı, onların beynəlxalq bazarlara çıxış imkanlarını da genişləndirir. Vergi Məcəlləsinə əsasən, “Startap” şəhadətnaməsi alan mikro və kiçik sahibkarlıq subyektləri innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilirlər. Bu güzəşt nəticəsində əldə olunan maliyyə üstünlüyü startaplara məhsullarını daha da təkmilləşdirmək, komandalarını genişləndirmək, beynəlxalq akselerasiya proqramlarına qoşulmaq və investisiya cəlb etmək üçün əlavə imkanlar yaradır.
2026-cı ilin aprelində “Startap” şəhadətnaməsi alaraq vergi güzəştlərindən yararlanmağa başlayan “InnMedia” (Innovation Media Services) də bu imkanlardan faydalanaraq qısa müddətdə beynəlxalq arenada mövqelərini gücləndirib. Şirkət xarici akselerasiya proqramlarına qatılıb, bir neçə xarici investordan yüksək məbləğdə investisiya cəlb edib. Lakin “InnMedia”nın beynəlxalq uğurları bununla məhdudlaşmır. Belə ki, şirkət Çinin tanınmış texnologiya nəhəngi “ByteDance” ilə də əməkdaşlıq müqaviləsi imzalayıb.
“Silkway Accelerator”da yeganə yerli startap
Yerli “InnMedia” startapı “Google for Startups” və “Astana Hub”ın birgə təşkil etdiyi beynəlxalq “Silkway Accelerator” proqramının yeddinci axınını uğurla başa vurub. Üçaylıq intensiv mərhələnin yekunlarına əsasən, şirkət final “Demo Day”ə vəsiqə qazanan ən yaxşı 10 startap sırasına düşüb və bununla da “InnMedia” sözügedən nüfuzlu proqramda bu il Azərbaycanı təmsil edən yeganə şirkət olub.
Layihənin təsisçisi və rəhbəri Teymur Kuseba “vergiler.az”a bildirib ki, proqramda iştirak üçün Mərkəzi Asiya, Cənubi Qafqaz və Monqolustandan ümumilikdə 315 müraciət təqdim edilib. Əsas proqrama 15 texnologiya şirkəti seçilib, final “Demo Day” mərhələsinə isə 10 startap yüksəlib.
360 min dollar dəyərində qrant və investisiya
Azərbaycanın “DeepTech AI” startapı olan “InnMedia” “Microsoft for Startups”dan 150.000, “Google for Startups”dan 100.000, “Cloudflare”dən 25.000 ABŞ dolları qrant əldə edib, bundan əlavə, şirkət R&D (araşdırma və inkişaf – red.) istiqamətinə 85.000 dollardan çox investisiya cəlb etməyi bacarıb.
Layihənin uğurları bununla bitmir. T.Kuseba vurğulayıb ki, “InnMedia” “Startap” şəhadətnaməsi ilə bərabər, PCT (patent əməkdaşlıq müqaviləsi) müraciəti təqdim edib, SABAH.LAB inkubasiya proqramını və “Y Combinator”un yay məktəbini keçib. Şirkətin ilk vençur investisiyası “Silkway Accelerator” proqramı çərçivəsində “Astana Hub Ventures” tərəfindən həyata keçirilib.
Qeyd edək ki, “Silkway Accelerator” “Product-Market Fit” və miqyaslanma mərhələsində olan texnoloji startaplar üçün nəzərdə tutulan flaqman proqramdır. Dünyanın TOP-20 akselerasiya proqramından biri hesab olunan təşəbbüs, eyni zamanda, Mərkəzi Asiyada “Google for Startups” ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən yeganə akselerasiya proqramıdır. “InnMedia” üçün bu proqramda iştirak texnoloji hazırlıq mərhələsini geridə qoyaraq beynəlxalq bazarlara çıxış və miqyaslanma istiqamətində mühüm addım olub.
İlk satışlar və beynəlxalq layihələr
T.Kusebanın sözlərinə əsasən, “Silkway Accelerator” proqramında iştirak etdiyi müddətdə şirkət kommersiya istiqamətini əhəmiyyətli dərəcədə gücləndirib. “InnMedia” Qazaxıstan bazarında ilk satışlarını həyata keçirib və Mərkəzi Asiya bazarlarında, o cümlədən Qazaxıstan və Qırğızıstandakı şirkətlərlə pilot layihələrə başlayıb. Bu dövrün ən diqqətəlayiq beynəlxalq nəticələrindən biri Çinin nəhəng “ByteDance” şirkəti ilə birbaşa müqavilənin imzalanması olub. Bununla da şirkət Çinin “Seedance” texnologiyalarından istifadə etməyə başlayıb. Bu o deməkdir ki, müqavilə şirkətə müasir video generasiyası modellərini öz istehsal proseslərinə inteqrasiya etməyə və “InnMedia”nın vahid kontent yaratma zəncirinin tamhüquqlu hissəsinə çevirməyə imkan verir. “Seedance” generativ video sahəsində “ByteDance”in texnoloji baxımdan ən qabaqcıl işlərindən biridir. Modellərin son nəsilləri təkcə ayrı-ayrı qısa videoların yaradılmasına deyil, şəkillərdən, videolardan və audiolardan referens kimi istifadə etməklə kamera hərəkətinə, vizual üsluba, personajlara və səhnələrin ardıcıllığına nəzarət etməklə daha idarəolunan video materialların istehsalına yönəlib. Layihə rəhbəri vurğulayıb ki, məhz görüntü keyfiyyəti, realistik hərəkət və yüksəksəviyyəli nəzarətin birləşməsi “InnMedia”nın “Seedance” texnologiyasını seçməsinin əsas səbəblərindən biri olub. Materialın araşdırılması və hazırlanmasından tutmuş şəkillər, audio və videoya qədər kontentin istehsalının tam dövrünü avtomatlaşdıran platforma üçün video generasiyasının ayrıca alət kimi mövcud olması deyil, vahid texnoloji prosesə inteqrasiya edilə bilməsi daha vacibdir.
Şirkət “Seedance”ı media, korporativ kontent, marketinq kommunikasiyaları və sosial platformalar üçün videomaterialların yaradılmasında tətbiq etməyi, “ByteDance” modellərinin imkanlarını özünün araşdırma, generasiya, nəzarət və kontentin idarə edilməsi sistemi ilə birləşdirməyi planlaşdırır.
Növbəti mərhələ — beynəlxalq ekspansiya
T.Kuseba şirkətin bundan sonra da beynəlxalq miqyasda böyüməyə davam edəcəyini bildirib. Qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiyada artıq start götürmüş fəaliyyətlə yanaşı, “InnMedia” növbəti 6–8 ay ərzində Özbəkistan və Türkiyə bazarlarında aktiv çıxış etməyi planlaşdırır. Bu ölkələrin seçilməsi sürətlə inkişaf edən rəqəmsal bazar, zəngin media və kontent mühiti, eləcə də biznes proseslərində süni intellektə artan tələbatla bağlıdır. Paralel olaraq, komanda ABŞ-də qlobal şirkətin qurulması planlarını da nəzərdən keçirir.
https://vergiler.az/news/article/40660.html
Powered by Froala Editor