We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
Training events are being conducted within the framework of the Business Partnership Programme 35 "Startup" Certificates have been issued during the elapsed period of the current year For the attention of entrepreneurs operating in the Gabala and Ismayilli Districts! Interest in SME Houses as an innovative model in the field of business services is increasing Additional 55 people were engaged in training within the framework of the “Karabakh SME 2026” project More than 312,000 services were provided to entrepreneurs in SME Houses in the first half of 2026 Applications of entrepreneurs were considered at KOBİA In the first half of 2026, the KOBİA Call Centre via number 131 responded to approximately 5,000 enquiries The next meeting within the framework of the "Investment Journey" project was held in the city of Aghsu Business projects that have received the "Startup" Certificate are developing
"Startap" şəhadətnaməsini uğura çevirən yerli layihələr: "Hellojob.az" və "iCheck" 30.07.26
"Startap" şəhadətnaməsini uğura çevirən yerli layihələr: "Hellojob.az" və "iCheck"

Rəqəmsal transformasiya əmək bazarından səhiyyəyə qədər əksər ənənəvi sahələri sürətlə yeniləyir və innovativ həlləri zərurətə çevirir. Azərbaycanda formalaşan startap ekosistemi də bu dəyişikliklərin əsas iştirakçılarından biri kimi insanların gündəlik həyatını asanlaşdıran yeniliklərlə diqqət çəkir.

Bu istiqamətdə uğurlu nümunələrdən olan "Hellojob.az" və "iCheck" qısa müddətdə geniş istifadəçi auditoriyası qazanaraq bazarda öz mövqelərini möhkəmləndirib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "Startap" şəhadətnaməsini əldə etmələri isə onların inkişafına əlavə təkan verib və yeni imkanlar açıb. Hər iki startapın qurucuları “vergiler.az” ilə əldə etdikləri nailiyyətləri və qarşıdakı hədəfləri bölüşüblər.


"Hellojob.az": işaxtaranlarla şirkətləri birləşdirən yerli platforma

Rəqəmsal transformasiya dövründə əmək bazarı da öz ənənəvi formasını dəyişərək daha çevik və əlçatan həllərə ehtiyac duyur. Məhz bu ehtiyacdan doğan "Hellojob.az" Azərbaycanda işaxtaranlarla işəgötürənləri vahid məkanda bir araya gətirən müasir rəqəmsal məşğulluq platformasıdır. İşə qəbul prosesini şəffaflaşdırmaq və mərkəzləşdirmək məqsədilə yaradılan startap namizədlər və şirkətlər üçün rahat rəqəmsal həllər təqdim edir.

"Hellojob.az"dan verilən məlumata görə, platforma iki əsas istifadəçi qrupunun ehtiyaclarına cavab verir. Birincisi, işaxtaranların işi asanlaşır. Belə ki, platforma müxtəlif vakansiyaları vahid platformada bir araya gətirərək axtarış və müraciət prosesini asanlaşdırır. İşəgötürənlərə isə vakansiyanın dərcindən namizədlərin seçilməsi və idarə olunmasına qədər bütün işə qəbul mərhələlərini əhatə edən 360 dərəcə rəqəmsal həll təqdim edir.

Bildirilib ki, bu startapı yaratmaqda əsas məqsəd əmək bazarında informasiya əlçatanlığını artırmaq, işə qəbul prosesini daha effektiv etmək və namizədlərin və şirkətlərin vaxtına qənaət edən müasir ekosistem formalaşdırmaqdır.

Layihə istifadəçilərin yüksək etimadını qazanıb və son bir il ərzində "Hellojob.az"ı 1,1 milyon unikal istifadəçi ziyarət edib. Ümumi ziyarət sayı isə 3,5 milyonu ötüb.

Bundan əlavə, "Hellojob.az" artıq öz gəlirləri hesabına fəaliyyət göstərən dayanıqlı biznes modelinə malikdir. Platformanın bütün əməliyyat xərcləri daxili gəlirlər hesabına qarşılanır və əldə olunan vəsait məhsulun inkişafına yönəldilir. Bir sözlə, layihə xarici maliyyə dəstəyi olmadan davamlı şəkildə böyüyür.

Sözsüz ki, layihənin uğurlu olmasında bir sıra amillərin təsiri olub və bunlardan biri də KOBİA-nın təqdim etdiyi “Startap” şəhadətnaməsidir. Startapın qurucuları bildiriblər ki, 2023-cü ilin sentyabrında əldə etdikləri bu şəhadətnamə onlara həm maliyyə, həm də reputasiya baxımından çox dəstək olub. Ötən müddətdə onlar vergi güzəştləri hesabına qənaət edilən vəsaiti platformanın texnoloji inkişafına, yeni funksiyaların hazırlanmasına və istifadəçi təcrübəsinin yaxşılaşdırılmasına yönəltmək imkanı qazanıblar və bu da məhsulun inkişaf tempini sürətləndirib. Digər tərəfdən, şəhadətnamə tərəfdaşlar və istifadəçilər qarşısında etibarlılığı artırır ki, bu da gələcək əməkdaşlıqlar üçün əlavə üstünlük yaradır.

Komanda üzvləri əsas hədəflərinin Azərbaycan bazarında bütün vakansiyaları əhatə edən vahid platformaya çevrilmək olduğunu bildiriblər. Bununla yanaşı, modeli daha da təkmilləşdirərək regional bazarlara çıxmaq imkanını da istisna etmirlər.


"iCheck ": həkim bir klik qədər yaxın, internetdə simptom axtarışına son

“iCheck” Medical App istifadəçilərin xəstəlik simptomlarını internetdə təsadüfi mənbələrdə axtarması əvəzinə, onları düzgün həkimə və etibarlı tibbi xidmətə yönləndirən rəqəmsal səhiyyə platformasıdır. Pasiyent tətbiq vasitəsilə həkim seçə, onlayn konsultasiya təyin edə, ödəniş və ya sığorta təsdiqindən sonra videokonsultasiyaya qoşula, həkimin rəyini, tövsiyələrini və elektron reseptini əldə edə bilər. Beləliklə, “iCheck” konsultasiyanın təyin olunmasından müalicə tövsiyələrinin izlənilməsinədək bütün prosesi vahid platformada birləşdirir.

Startapın qurucusu Leyla Orucova bildirib ki, məqsəd həkimi pasiyent üçün bir klik qədər əlçatan etməkdir. “iCheck” artıq 120-dən çox həkimi, 6 mindən çox istifadəçini bir platformada birləşdirib. Tətbiq üzərindən 3 mindən çox onlayn tibbi konsultasiya keçirilib. “iCheck” sığorta şirkətləri ilə real kommersiya modeli əsasında fəaliyyət göstərir.

L.Orucovanın sözlərinə görə, 2024-cü ilin aprelində əldə etdikləri “Startap” şəhadətnaməsindən hazırda da faydalanırlar və bu, “iCheck” üçün çox böyük üstünlük olub. O deyir ki, bu şəhadətnamənin verdiyi imkanlar sayəsində fəaliyyətin ilk illərində qazanılan gəlirləri vergilərə deyil, məhsulun inkişafına, komandanın gücləndirilməsinə və yeni funksiyaların yaradılmasına yönəldiblər ki, bu da startapın daha sürətli böyüməsinə və bazarda möhkəmlənməsinə şərait yaradıb.

Layihənin uğuru artıq beynəlxalq müstəvidə də öz əksini tapır. Platforma Azərbaycanı müxtəlif beynəlxalq proqramlarda təmsil edib, “Global Women in Tech” mükafatına layiq görülüb və Avropanın aparıcı startap akseleratorlarından birinə qəbul edilib.

“iCheck” beynəlxalq akselerasiya proqramından investisiya da cəlb edib və bu maliyyə dəstəyi məhsulun inkişafını sürətləndirib. Proqram çərçivəsində xarici bazarların tələbləri öyrənilib, beynəlxalq ekspertlərlə əməkdaşlıq qurulub və layihənin qlobal bazara çıxışı üçün vacib əlaqələr formalaşdırılıb. Hazırda platformaya İtaliya bazarında da maraq var.

Postsovet ölkələrinin bazarlarına da daxil olmağı bacaran yerli “iCheck” startapı Qazaxıstan, Özbəkistan və Tacikistanda fəaliyyətini genişləndirməkdədir. Bu ölkələrdən olan pasiyentlərə onlayn konsultasiyalar təqdim olunur. L.Orucova deyib ki, xaricdə yaşayan çoxsaylı azərbaycanlı və digər rusdilli pasiyentlər də “iCheck”in həkimlərinə müraciət edirlər. Onlar öz doğma dilində danışan, sağlamlıq tarixçəsini və mədəni xüsusiyyətlərini daha yaxşı anlayan həkimlə əlaqə qura bilirlər. Bundan əlavə, “iCheck” vasitəsilə Avropada sığorta ilə həkim qəbuluna düşmək üçün yaranan uzun növbələri gözləmədən operativ tibbi məsləhət almaq da mümkündür.

 

https://vergiler.az/news/article/40180.html

Powered by Froala Editor