Мы связываем социально-экономическое развитие Азербайджана непосредственно с предпринимательством и его развитием.
Растёт интерес к Домам МСП как к инновационной модели в сфере услуг для бизнеса К обучению в рамках проекта «МСП Карабаха 2026» были привлечены ещё 55 человек В первом полугодии текущего года в домах МСП предпринимателям было оказано более 312 тысяч услуг В KOBİA были заслушаны обращения предпринимателей В первом полугодии 2026 года Колл-центр KOBİA по номеру 131 ответил примерно на 5000 обращений Очередная встреча в рамках проекта «Инвестиционное путешествие» состоялась в городе Агсу Развиваются бизнес-проекты, получившие свидетельство «Стартап» В первом полугодии 2026 года было организовано более 50 встреч с предпринимателями Очередная встреча с предпринимателями была организована в городе Мингячевир Будет создано предприятие по производству тест-наборов и пластиковой упаковочной продукции медицинского назначения
Məqsədimiz “NooshCard”ı ölkə üzrə şirkətlər üçün standart həllə çevirməkdir – MÜSAHİBƏ 28.07.26
Məqsədimiz “NooshCard”ı ölkə üzrə şirkətlər üçün standart həllə çevirməkdir – MÜSAHİBƏ

Son illərdə şirkətlərdə əməkdaşların sosial təminat paketləri və gündəlik xərclərin idarə olunması sahəsində rəqəmsal həllərə maraq sürətlə artır. Bu istiqamətdə innovativ təşəbbüslərdən biri də şirkətlərin yemək xərclərini daha şəffaf, çevik və idarəolunan formaya gətirməyi hədəfləyən “NooshCard” platformasıdır. Layihə korporativ yemək xərclərinin rəqəmsal idarə olunmasını təmin etməklə həm şirkətlər üçün maliyyə nəzarətini gücləndirir, həm də əməkdaşlara daha geniş seçim imkanı yaradır. İnnovativ yanaşmasına görə “NooshCard” MMC rəsmi olaraq startap şəhadətnaməsi də əldə edib. Layihəyə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən startap şəhadətnaməsi verilib. Platformanın yaradılma məqsədi, bizneslər və istifadəçilər üçün təqdim etdiyi üstünlüklər, eləcə də gələcək inkişaf planları barədə “NooshCard” layihəsinin məhsul sahibi Şölə Abdullazadə AZƏRTAC-ın suallarını cavablandırıb.


- “NooshCard” MMC-ni yaratmaqda məqsədiniz nə idi və şirkətlərin yemək xərclərini idarə etməkdə hansı problemi həll etmək istədiniz?

- “NooshCard”ı yaratmaqda məqsədimiz şirkətlərdə yemək xərclərinin idarə olunmasına yeni, strukturlaşdırılmış yanaşma gətirmək idi. Bazar araşdırmalarımız göstərdi ki, bir çox şirkət bu xərcləri ya əməkhaqqına əlavə edir, ya “catering” vasitəsilə qarşılayır, ya da sistemsiz şəkildə idarə

edir. Bu isə həm əlavə vergi yükü yaradır, həm də ayrılmış vəsait üzərində operativ nəzarəti zəifədir. Biz “NooshCard” ilə bu prosesi rəqəmsallaşdıraraq xərcləri təyinatlı və izləniləbilən formata saldıq. Şirkətlər əməkdaşlarını sistemə daxil edir, balans təyin edir və bütün əməliyyatları real vaxt rejimində izləyə bilir. Eyni zamanda, “catering” modelinin məhdudiyyətlərini aradan qaldıraraq əməkdaşlara geniş tərəfdaş şəbəkəsində sərbəst seçim imkanı yaratdıq. Nəticə etibarilə, “NooshCard” sadəcə ödəniş vasitəsi deyil, şirkət üçün xərcləri optimallaşdıran və əməkdaş məmnuniyyətini artıran strateji idarəetmə platformasıdır.


- Platforma şirkətlərə vergi qənaəti və xərclərin şəffaflığı baxımından hansı üstünlükləri təqdim edir?

- “NooshCard”ın biznes üçün əsas strateji üstünlüyü xərclərin təyinatlı istifadəsinin təmin olunması və maliyyə nəzarətinin gücləndirilməsidir. Ayrılmış vəsait yalnız sistemə inteqrasiya olunmuş restoran şəbəkəsində istifadə olunur və bu model əməkhaqqı kimi qiymətləndirilmədiyi üçün əlavə vergi öhdəliyi formalaşdırmır. Bu isə şirkətlər üçün həm hüquqi risklərin azalması, həm də maliyyə optimizasiyası deməkdir. Digər mühüm tərəf isə hesabatlılıqdır. Manual çek toplama və sənədləşmə prosesi tamamilə aradan qalxır. Bütün əməliyyatlar sistemdə arxivlənir, real vaxt rejimində izlənilir və analiz edilə bilir. Bu yanaşma maliyyə və HR komandalarının işini əhəmiyyətli dərəcədə sadələşdirir və qərarverməni intuisiya deyil, dataəsaslı yanaşmaya çevirir.


- İşçilər “NooshCard” istifadə edərkən ən çox hansı funksiyalardan razıdır və bu, onların iş motivasiyasına necə təsir göstərir?

- Biz ənənəvi korporativ yemək modelini məcburi və standart yanaşmadan çıxarıb, onu dəyər yaradan təcrübəyə çevirməyə çalışmışıq. Əməkdaşlar üçün ən böyük üstünlük tam seçim azadlığı və rahatlıqdır. Ənənəvi “catering” modelində seçim məhdud olur və hər kəs üçün eyni menyu təqdim edilir. “NooshCard” isə əməkdaşa istədiyi restoranı, mətbəxi və uyğun lokasiyanı seçmək imkanı verir. Mobil tətbiq üzərindən balansı izləmək, xəritədə yaxınlıqdakı restoranları görmək və QR kodla saniyələr içində ödəniş etmək istifadəçi təcrübəsini maksimum sadələşdirir.

Bundan əlavə, “NooshCard” platforması şirkətlərin korporativ brendinə uyğun şəkildə özəlləşdirilir. Tətbiq daxilində əməkdaş öz şirkətinin loqosunu və korporativ rənglərini görür. Şirkət isə tətbiq daxilində əməkdaşları üçün elanlar paylaşa, xüsusi kampaniyalar yarada və bildirişlər vasitəsilə birbaşa kommunikasiya qura bilir. Bu yanaşma platformanı ümumi bir tətbiqdən daha çox, şirkətə məxsus rəqəmsal mühitə çevirir.

Motivasiya yalnız əməkhaqqı ilə formalaşmır. Təqdim olunan imkanın necə dizayn olunması və insanın özünü nə qədər dəyərli hiss etməsi də vacibdir. Seçim azadlığı əməkdaşda etibar və dəyər görmə hissini formalaşdırır ki, bu da iş məmnuniyyətinə və şirkətə bağlılığa birbaşa müsbət təsir göstərir.


- “NooshCard” partnyor restoranlarla əməkdaşlığı necə qurur və bu əməkdaşlıq işçilərin seçim imkanlarını necə genişləndirir?

- Restoranlarla əməkdaşlıq qarşılıqlı fayda prinsipinə əsaslanır. Onlar üçün “NooshCard” sabit və korporativ müştəri axını deməkdir. Eyni zamanda, platforma vasitəsilə əməliyyat statistikası, istifadəçi davranışı və satış dinamikası haqqında məlumat əldə edə bilirlər ki, bu da onların xidmət və satış strategiyasını təkmilləşdirməsinə imkan yaradır. Bundan əlavə, tərəfdaş restoranlar marketinq dəstəyi alır. Kampaniyalar, tətbiq daxilində tanıtım, bildirişlər və xüsusi təkliflər vasitəsilə onların cəlbediciliyini artırır. Yəni biz sadəcə ödəniş infrastrukturu təqdim etmirik, eyni zamanda, əlavə marketinq kanalı yaradırıq. Tərəfdaş seçimində balanslı şəbəkə qurmağa çalışırıq - müxtəlif qiymət seqmentləri, fərqli mətbəxlər və şəhərin müxtəlif lokasiyaları əhatə olunur. Bu yanaşma əməkdaşlara daha geniş seçim imkanı verir və platformanı gündəlik istifadə üçün daha praktik edir.


- Platformanın tətbiqi və QR kodla ödəniş sistemi ənənəvi yemək kartlarından və çeklərdən hansı cəhətlərinə görə fərqlənir?

- “NooshCard” tam rəqəmsal yanaşma üzərində qurulub. Fiziki karta ehtiyac yoxdur, bütün əməliyyat mobil tətbiq üzərindən həyata keçirilir. QR əsaslı model həm sürət, həm təhlükəsizlik, həm də əməliyyat effektivliyi baxımından daha çevikdir. Çekəsaslı model isə manual əməliyyat və vaxt itkisi yaradır, ənənəvi kart modeli isə əlavə infrastruktur tələb edir. Biz isə bu prosesi minimum toxunuşla həyata keçirilən rəqəmsal sistemə çevirmişik. Əsas fərq texnologiyanı idarəetmə fəlsəfəsi ilə birləşdirməyimizdir. Məqsədimiz “NooshCard”ı şirkətlər üçün standart həllə çevirmək və korporativ xərclərin idarə olunmasında yeni yanaşma formalaşdırmaqdır.


- Gələcəkdə “NooshCard”a əlavə edilməsi planlaşdırılan yeni funksiyalar və innovasiyalar hansılardır və istifadəçi təcrübəsini necə yaxşılaşdıracaq?

- “NooshCard”ın inkişafını mərhələli və strateji şəkildə planlaşdırırıq. Yaxın perspektivdə balans artırma (top-up) funksiyası və bonus mexanizmi üzərində işləyirik. Bu yeniliklər istifadəçilərə daha çevik maliyyə idarəetməsi imkanı yaradacaq. Əməkdaş balansını müstəqil şəkildə artıra, əlavə üstünlüklər qazana və sistemi daha aktiv istifadə edə biləcək. Bonus mexanizmi və loyallıq elementləri istifadəçi üçün əlavə dəyər formalaşdıracaq. Bu isə platformanı sadəcə ödəniş vasitəsi deyil, gündəlik istifadə olunan rəqəmsal alətə çevirəcək. Uzunmüddətli perspektivdə isə məqsədimiz “NooshCard”ı ölkə üzrə şirkətlər üçün standart həllə çevirməkdir. İnanırıq ki, gələcək rəqəmsal, ölçülə bilən və dataəsaslı idarəetmə modellərinə məxsusdur və “NooshCard” bu transformasiyanın aktiv iştirakçılarından biri olacaq.


https://azertag.az/xeber/meqsedimiz_nooshcardi_olke_uzre_sirketler_uchun_standart_helle_chevirmekdir___musahibe-4339037

Powered by Froala Editor